Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.
Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanılmasına razılıq verilməsinə görə alınan gəlir;
- əsas vəsaitlərin təqdimedilməsindən alınan məbləğlər;
- gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına gəlirləri haqqında bəyannamə verməli və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər.
Fiziki şəxslərin ümumi gəlirlərindən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirlərin əldə edilməsi ilə əlaqədar bütün xərclər çıxılır. Ezamiyyə xərclərinin normadan artıq olan hissəsi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirdən çıxılmır.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
- faiz gəliri;
- dividend;
- əmlakın icarəyə verilməsindən gəlir;
- royalti;
- işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı hallar istisna olmaqla, vergi ödəyicisinə bağışlanmış borcun məbləği;
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktiv-lərin təqdim edilməsindən gəlir;
- işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği;
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa;
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;
- xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar;
- vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyət-lə bağlı göstərilən xidmətə görə alınan haqq;
- idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar.
Xüsusi notariuslar vergitutma obyektindən xərclər çıxılmadan 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləğini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi"ni isə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.
3 ildən az olmayan müddətə bağlanan, lakin vaxtından əvvəl xitam verilən həyatın yığım sığortası və pensiya sığortası müqaviləsi üzrə sığorta haqlarından, qeyri-dövlət fondlarınını ödədiyi pensiyalardan, habelə vergi uçotunda olmadan, VÖEN təqdim edilmədən göstərilən iş və xidmətlərə görə fiziki şəxsə ödənilən gəlirdən də yuxarıda qeyd olunan aylıq gəlirdən tutulan vergi dərəcələrlə gəliri ödəyən şəxslər tərəfindən müvafiq qaydada ödəmə mənbəyində vergi tutulur.
Dividendlərdən, faizlərdən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından uduşlardan, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən əldə olunan gəlirdən (mükafatdan) və pul şəklində uduşlardan (mükafatlardan) ödəmə mənbəyində 10%, həmçinin fərdi sahibkarın bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada götürülməsindən ödəmə mənbəyində 1%, icarə haqqlarından və royaltidən 14 faiz dərəcə ilə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulur. Bu zaman dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman mərc oyunlarından əldə edilən uduşlar digər vergi tutulan gəlirdən çıxılır və bir daha vergiyə cəlb edilmir.
Fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən digər gəlirləri vergiyə aşağıdakı dərəcələrlə cəlb olunur:
Vergi tutulan illik gəlirin məbləği | Verginin məbləği |
| 3000 manatadək | 14 faiz |
| 3000 manatdan çox olduqda | 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər və ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənar gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.