Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 dekabr 2024-cü il tarixində Milli Məclisin ötən il dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.
Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi ilə bağlıdır. Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkar fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilib. Lakin aparılmış təhlillər nəticəsində bir sıra fiziki şəxslərin əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdikləri, buna görə də sadələşdirilmiş verginin ödəyicisi ola bilmədikləri müəyyənləşdirilib.
Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən və illik dövriyyəsinin həcmi xərclər nəzərə alınmadan 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilib. Həmin fəaliyyətlərə proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistika, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçisi kimi xidmətlər aiddir.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.Həmçinin qeyd olunan vergi güzəştinin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməməsi təklif olunur.
Layihədə vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə maliyyə sanksiyalarının tətbiqi - təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə 40 faizi həcmində nəzərdə tutulub.
Qeyd olunan güzəştin tətbiqi nəticəsində real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, eləcə də azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.