Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
Vergitutma obyekti
Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi (təqvim) ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.
Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri müəyyən dövr ərzində Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasında fərqdir.
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.
Gəlir
Rezident fiziki şəxslərin gəliri onun respublika daxilində və xaricində əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:
- muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergidən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.